MBA-də klub səhmlərinin satılması adi bir haldır. Bu  proses müntəzəm xarakter daşımasa da,  assosiasiyanın tarixinin müəyyən dövrlərində belə məqamlar az deyil. Bu zaman hətta  klublar təmsil etdikləri şəhərləri  də dəyişməli olublar.

Amerika mətbuatının yazdığına görə,belə bir tale  “San Antonio spörs” klubu üçün də ehtimal edilir.  Düzdür, indidən heç kim komandanın Texas ştatını tərk edəcəyini  söyləmir.  Əksinə, belə  bir perspektivin ümumiyyətlə olmadığını deyənlər də var. Amma  klubun səhmlərinin bir hissəsinin  satılacağı artıq dəqiqləşib. Bu barədəBirləşmiş Ştatların  nüfuzlu “Sports İllüstreyted” nəşri məlumat verib. Maraqlıdır ki,  xəbər dərc ediləndən əvvəl  ötən illərin əfsanəvi basketbolçusu Şakil O`Nil belə bir  hadisənin gözlənildiyinə eyham vurmuşdu. Onun  sözlərinə görə, bu yaxınlarda MBA-in  klublarından biri satışa çıxarılacaq və həmin komanda Nevada ştatının Las Veqas şəhərinə köçəcək. Hətta ABŞ-ın bəzi  mətbuat orqanları iddia edir ki,  bu komanda  “San Antonio” olacaq. Qeyd edək ki, “San Antonio spörs” klubu  1967-ci ildə yaradılıb və o,  1973-cü ilə qədər Dallas şəhərini təmsil edib. Bu komanda  indiyə qədər  5 dəfə MBA-də qalib gəlib. Sonuncu dəfə klub Qreqq Popoviçin başçılığı altında  2014-cü ildə   çempion tituluna layiq görülüb.  Hazırkı mövsümdə şəhərin basketbolçuları  Qərb konfrasında 12-ci pilləni tutur.